Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, bir qrup ərəb və yəmənli ekspert və analitik “Əl-Məsirə” telekanalına verdikləri müsahibələrdə vurğulayıblar: Yəmənin Səudiyyə düşməninə qarşı endirdiyi zərbələr, Yəmənin düşməni malik olduğu gücdən asılı olmayaraq diz çökdürmək iqtidarında olan regional güc kimi mövqeyini və bölgədəki rolunu daha da möhkəmləndirir. Onlar bu məsələdə ABŞ düşməni və onun müttəfiqlərinin başına gələnləri nümunə göstəriblər.
Ekspert və analitiklər qeyd ediblər: Yəmənin həyata keçirdiyi əməliyyatlar bu ölkənin müxtəlif çağırışların mahiyyətinə uyğun gələn və inkişaf etməkdə olan hərbi imkanlara malik olduğunu təsdiqləyir. Onlar bunu Səudiyyə Ərəbistanının siyasi, hərbi və iqtisadi baxımdan zəifləməsi və geri çəkilməsi fonunda tərəzinin gözünün Yəmənin qələbəsi istiqamətində ağırlaşmasına səbəb olan həlledici amil hesab edirlər.
Onlar xatırladıblar: Yəmənin gündən-günə nümayiş etdirdiyi imkanlar Səudiyyə düşməninin zərərinə nəticələnə biləcək gözlənilməz hadisələrin baş verəcəyindən xəbər verir. Analitiklər vurğulayıblar ki, Ər-Riyadın qarşısında duran seçim Yəmənin iradəsinə və bu ölkə xalqının qanuni hüquqlarına boyun əyməkdən başqa bir şey deyil.
Rizvan Qasim: Səudiyyə Ərəbistanı zamanı seçməkdə səhvə yol verdi və bunun iqtisadi bədəlini ödəyəcək
Bu istiqamətdə strateji məsələlər üzrə tədqiqatçı, “Buroğen” Araşdırmalar Mərkəzinin rəhbəri və təsisçisi Rizvan Qasim deyib: Zaman amili hazırkı qarşıdurmada əsas ünsürlərdən biri hesab olunur. Səudiyyə Ərəbistanı yaxşı bilir ki, Fars körfəzi ölkələrinin və regionun himayədarı kimi xarakterizə etdiyi Amerika Birləşmiş Ştatları yaxın vaxtlarda bölgədən çıxacaq və bununla bağlı müəyyən əlamətlər mövcuddur.
O izah edib: Ər-Riyad hazırkı vəziyyətdən, xüsusilə də enerji ilə bağlı qlobal böhran şəraitindən maksimum dərəcədə xarici dəstək almağa çalışır. Bunun üçün Səudiyyə Ərəbistanının və Fars körfəzi ölkələrinin enerji təchizatının davamlılığını təmin etmək imkanlarına qarşı hər hansı təhdidin dünyanı böyük təhlükələrlə üz-üzə qoya biləcəyi fikrini təlqin edir.
Bununla belə, Qasim hesab edir ki, zamandan bu şəkildə sui-istifadə Səudiyyə Ərəbistanının əleyhinə nəticələnə bilər və Ər-Riyadın məhz bu mərhələdə başlatmaq qərarına gəldiyi müharibə qlobal böhrana çevriləcək. Dünya hazırda da enerji böhranı ilə üz-üzədir. Buna görə də Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi əməliyyata əl atması beynəlxalq səviyyədə qəzəbli reaksiyaya səbəb ola bilər. Çünki yəmənlilər Səudiyyə Ərəbistanının iqtisadiyyatı və siyasəti ilə əlaqəli həssas bazaların hədəfə alınmasını özünümüdafiə hüququ hesab edirlər.
O qeyd edib: Yəmən tərəfinin “mühasirəyə qarşı mühasirə, limana qarşı liman və hava limanına qarşı hava limanı” düsturu ilə bağlı bəyanatı Səudiyyə Ərəbistanı iqtisadiyyatının böhran burulğanına daxil ola biləcəyi anlamına gəlir. Bu təsir yalnız Səudiyyə Ərəbistanı ilə məhdudlaşmayacaq, əksinə, enerji amili vasitəsilə, hətta bütün dünyaya yayıla bilər.
O vurğulayıb: Səudiyyə Ərəbistanının təcavüzkar hərbi əməliyyatlarının nəticələri döyüşün gedişatını dəyişməyəcək. O, bu məsələdə son doqquz ildə davam edən mühasirəyə istinad edir. Bu mühasirə Yəmənin reallığını dəyişə bilmədi. Halbuki Yəmən bu gün qarşıdurma meydanında əvvəlkindən daha güclü imkanlarla çıxış edir və ABŞ-la birbaşa qarşı-qarşıya dayanmaq mərhələsinə çatıb. Buna görə də digər regional ölkələrlə qarşıdurmaya da imkanları çatır.
O əlavə edib: Yəmənin böyük imkanları qlobal iqtisadiyyatın mühasirəyə alınmasının Səudiyyə Ərəbistanının məqsədlərinin əleyhinə nəticələnməsinə səbəb olacaq və Ər-Riyadın məhz bu mərhələdə müharibə seçimini “siyasi və zaman baxımından ağılsızlıq” adlandırıb.
Qasim vurğulayıb: Səudiyyə Ərəbistanı üçün yeganə qalan seçim danışıqlar masasına qayıtmaq, Yəməni yəmənlilərə buraxmaq və bu ölkənin daxili işlərinə müdaxilə etməməkdir. Yəmənin daxili fikir ayrılığı kimi təqdim edilən və Səudiyyə rejiminin xeyrinə bəzi yəmənli qruplardan istifadə etmək məqsədilə Səudiyyə Ərəbistanı və xarici tərəflərin dəstəklədiyi məsələ böyük ölçüdə uğursuzluğa düçar olub.
O, bunu Yəmənin hərbi və siyasi müstəvilərdə əldə etdiyi irəliləyişlə əlaqələndirərək qeyd edib: Səna hazırda hərbi və siyasi baxımdan «üstün mövqeyə», eləcə də mühüm əlaqələrə və beynəlxalq ictimaiyyətin Yəmən Ənsarullahına münasibətində dəyişikliklərə malikdir.
O qətiyyətlə deyib: Bu dəyişiklik beynəlxalq tərəflərin regionda hökmranlıq edən gücün – yəni ABŞ-ın – artıq özünü belə qorumaq iqtidarında olmadığı həqiqətini dərk etməsi ilə bağlıdır. Region beynəlxalq, regional və Yaxın Şərq səviyyələrində köklü dəyişikliklərin astanasındadır və Yəmən bu dəyişikliklərdə əsas və mühüm rol oynayacaq.
Qasim çıxışının sonunda vurğulayıb: Yəmənə qarşı hərbi əməliyyatlar başdan-başa səhvdir və onların mənfi nəticələri Səudiyyə rejiminin özünə zərər verəcək. Hətta Ər-Riyad dünya iqtisadiyyatındakı və enerji sahəsindəki böhrandan öz xeyrinə istifadə edə biləcəyini düşünsə belə.
Doktor Məhəmməd Həzimə: Müharibənin arxasında ABŞ dayanır və məqsəd Yəmən Silahlı Qüvvələrinin diqqətini yayındırmaqdır
Strateji məsələlər üzrə tədqiqatçı və ekspert doktor Məhəmməd Həzimə də deyib: Müharibə yeni forma alıb və strateji xarakter daşıyır. Artıq ayrı-ayrı və mərhələli əməliyyatların idarə olunması mərhələsini geridə qoyub.
O vurğulayıb: Müharibəni Səudiyyə Ərəbistanı deyil, ABŞ aparır və müharibənin davam etdirilməsi və ya Yəmənlə Səudiyyə Ərəbistanı arasında qarşıdurma üçün yeni şəraitin yaradılması Ər-Riyadın yaxşı dərk etdiyi döyüşün qəti şəkildə həll olunmasına yönəlməyib. Çünki Səudiyyə Ərəbistanı Yəmən Silahlı Qüvvələrinin reallığını, mövqeyini və onların getdikcə artan rolunu tam şəkildə bilir.
Doktor Məhəmməd Həzimə qarşıdurmanı daha geniş çərçivədə nəzərdən keçirərək, onu «cəbhələrin birliyi» mərhələsini geridə qoymuş və layihələrin qarşıdurması və açıq döyüş formasında «cəbhələrin inteqrasiyası» mərhələsinə çatmış böyük müharibənin bir hissəsi hesab edib. ABŞ bu döyüşün ilk raundunu yenidən uduzub.
Doktor Məhəmməd Həzimə bu qarşıdurmanı əvvəlki mərhələlərlə – qarşıdurmalar, İran İslam Respublikasına qarşı mühasirənin tətbiqi, Yəmənə qarşı təcavüz və sionist işğalçı rejimin törətdiyi cinayətlərlə əlaqələndirib və hesab edir ki, hazırkı döyüşü həmin mərhələlərdən ayrı təsəvvür etmək mümkün deyil.
O izah edib: Müharibənin ilk məqsədi Yəmən Silahlı Qüvvələrinin diqqətini yayındırmaq və Yəmən gücünün böyüməsi və inkişafından narahatlıq yaratmaqdır. Bu güc artıq yalnız oyuncağa çevrilməyən, əksinə, ərəb hökumətlərinin dəstəyi ilə həyata keçirilən Amerika layihəsini məğlub edən qüvvəyə çevrilib.
O hesab edir ki, bu hökumətlər sionist hökmranlığının və müstəmləkəçiliyinin davam etdirilməsində onlara həvalə olunmuş rolu yerinə yetirirlər və müstəmləkəçilik regionu tərk etməyib. Belə ki, həmin hökumətlər hələ də iqtisadi müharibənin içindədirlər və bu müharibə hazırkı mərhələdə durğunluqdan məğlubiyyət mərhələsinə keçib. O, bunu Səudiyyə cəbhəsində ABŞ-ın məğlubiyyətinin reallaşması ilə əlaqələndirib.
Doktor Məhəmməd Həzimə Səudiyyə Ərəbistanının dərinliklərində hədəfə alınan obyektlərin xarakterinə toxunaraq hesab edir ki, bu hədəflərin dəqiqliyi və əhəmiyyəti bütün cəbhənin mənzərəsini Səudiyyə tərəfinin malik olduğu hədəflərlə müqayisə qarşısında ortaya qoyur. O, həmin hədəfləri «öldürücü hədəflər» kimi xarakterizə edib.
O deyib: «Aramkoya zərbə endirilməsi və onun fəaliyyətinin iflic vəziyyətə salınması Səudiyyə Ərəbistanında taxt-taca zərbə endirilməsi deməkdir. Çünki Səudiyyə Ərəbistanının dəyəri neft hasilatının həcmi ilə bağlıdır. Həmçinin Səudiyyə Ərəbistanında hakim rejimin mövcudluğunun və davamlılığının qorunması onun sionist-Amerika layihəsinə xidmət göstərmək imkanından asılıdır. Əks halda, mövcud şəraitdə bu rejim özünün Qərbdəki himayədarlarının üzərinə yükə çevriləcək».
O, Amerika layihəsi ilə Səudiyyə layihəsi arasında müəyyən məsafənin mövcudluğuna toxunub. Bu layihələr Amerika layihəsinə xidmət etmək uğrunda aparılan hücum və mübarizə çərçivəsində ərəb məsələsi və suverenlik hesabına həyata keçirilir. O hesab edir ki, döyüşün mənzərəsi strateji müharibəyə çevrilib və qarşıdurmanın yeni formasının başlanğıcını göstərir. Bu qarşıdurmada silahlar, hədəflər və ideoloji və dəyər əsaslarına malik yəmənli döyüşçünün xarakteri bir-biri ilə sıx şəkildə əlaqələnib. Onun fikrincə, Səudiyyə Ərəbistanı bu elementləri nə kompensasiya, nə də əvəz edə bilər.
O əlavə edib: «Ər-Riyad müharibənin təsirindən özünü kənarda saxlaya bilməz. Ər-Riyad mənfi və təhrikedici rol oynayır və onun “Yəmənin müsbət reaksiyası” adlandırdığı yanaşmadan lazımi anlayış və nəticə çıxarmayıb».
O, sözlərinə davam edib: «Səudiyyə Ərəbistanı Yəmənin “ərəb ümmətinin prinsiplərinin keşikçisi və Fələstin xalqının müdafiəçisi” mövqeyində çıxış etdiyi bir fürsəti dəyərləndirə bilmədi və yeni bir düsturun tətbiq olunduğu bir məqamda yəmənlilərin tələb və istəklərini – onun “haqq” adlandırdığı tələbləri – yeni yaranmış bu qarşıdurma düsturuna daxil etmədi».
O, bu düsturu Qərbin dəniz qüvvələrinin məğlubiyyəti ilə əlaqələndirir. Onun sözlərinə görə, həmin qüvvələr ərəb ölkələrinə və onlara həvalə olunmuş rolu yerinə yetirən hökumətlərə göstərilən dəstəyin bir hissəsi idi. O hesab edir ki, ərəb mərkəzləri Qərbin dəstəyinə arxalanırlar.
Doktor Məhəmməd Həzimə açıq şəkildə bildirib: «Hazırkı hadisələr Amerika Birləşmiş Ştatlarının rejimləri dəstəkləməkdə acizliyini göstərir. Onun fikrincə, bu rejimlər həmin acizliyi “məzhəb müharibələrinə qiymət qoymaqla” kompensasiya etməyə çalışırlar. Lakin onun qənaətinə görə, bu siyasət də uğursuzluğa düçar olub».
Əş-Şərabi: Yəmənin cavabı çəkindiricilik və cəzalandırma düsturunu təsdiqləyir, neft itkiləri və yanğınlar Səudiyyə iqtisadiyyatına təzyiq göstərəcək
Mənəvi İrşad İdarəsinin İnformasiya Mərkəzinin direktoru Zəkəriyyə Əş-Şərabi də qeyd edib: «Yəmən bəyanatında əməliyyatı cavab çərçivəsində təqdim edib və vurğulayıb ki, Səudiyyə Ərəbistanının təcavüzləri qəti və həlledici cavabla qarşılaşacaq».
O hesab edir ki, hazırda meydanda çəkindirici bir düstur formalaşıb və bu düstur Səudiyyə düşməninin Yəmən xalqına qarşı müdaxilələri, təcavüzləri və cinayətlərinə görə cəzalandırılmasına əsaslanır.
Əş-Şərabi Səudiyyə Ərəbistanının yeni təcavüzünü 12 il davam edən uzun bir proseslə əlaqələndirib. O, bu proses çərçivəsində on minlərlə insanın şəhid və yaralandığını, eləcə də mühasirənin yaratdığı humanitar fəlakətin baş verdiyini bildirib. O vurğulayıb: «Son əməliyyat yalnız bir cinayətə cavab deyil, bu uzunmüddətli prosesin bir hissəsidir».
O qeyd edib: «Son hücumlarla Səudiyyə Ərəbistanının ötən illər ərzində həyata keçirdiyi hücumların sayı 274 mindən çoxa çatıb». O bildirib ki, qarşı tərəfin düsturunun digər hissəsi bu qaydanı təsdiqləməkdən ibarətdir: «Gərginliyə qarşı gərginlik».
O, bu məsələyə nümunə olaraq bildirib: Səudiyyə Ərəbistanı Səna hava limanını bombalayarkən gərginliyi artırdı və buna cavab gəldi. Daha sonra Əl-Hüdeydəni bombaladı və bunun ardınca Cizan şəhərində yerləşən “Saudi Aramco” obyektlərinin hədəfə alınması ilə daha böyük cavab zərbəsi endirildi.
O, Səudiyyə Ərəbistanını Amerika və sionist qüvvələrin, eləcə də öz maraqlarının xidmətində müharibəni davam etdirməkdə ittiham edərək vurğulayıb: Ər-Riyad son dövrdə Cizandakı “Saudi Aramco” obyektlərinə dəymiş dağıntıların miqyasına nəzər salmalı və anlamalıdır ki, Yəmən bu düsturu təsdiqləməkdə ciddi, qətiyyətli və israrlıdır və Yəmənə qarşı istənilən təcavüz cavabla qarşılaşacaq.
Əş-Şərabi izah edib: Səudiyyə Ərəbistanı son günlər hərbi qüvvələrini gücləndirməklə azad ərazilərə qarşı gərginliyi artırmaq və Yəmən xalqını hədəfə almaq istiqamətində geri addım atmadı. O, hava hücumları silsiləsini həyata keçirməklə yanaşı, təxminən 121 yeni hücum həyata keçirərək gərginliyi davam etdirdi. Bu hücumlar arasında Əl-Cövf bölgəsindəki bazanın hədəfə alındığı və nəticədə şəhidlərin və yaralıların olduğu hücum da yer alıb. O, bunu Səudiyyə Ərəbistanının israr, inadkarlıq və təcavüz layihəsini davam etdirməkdə qərarlı olmasının göstəricisi hesab edib.
O, vurğulayıb: Yəmənin bu dəfəki cavabı daha böyük və daha genişmiqyaslı olub və həyati əhəmiyyət daşıyan ərazilərin hədəfə alınmasına yönəlib.
Əş-Şərabi iqtisadi və təhlükəsizlik aspektləri ilə bağlı deyib: Hədəfəalma əməliyyatlarının nəticələri birbaşa itkilərlə məhdudlaşmır, həm də Səudiyyə Ərəbistanındakı investisiya mühitinə təsir göstərir.
O izah edib: Ticarət və investisiyalardan asılı olan ölkə kimi Səudiyyə Ərəbistanının investorların fəaliyyətini davam etdirməsi üçün həyati şərt olan təhlükəsizliyə ehtiyacı var. O hesab edir ki, Səudiyyə rejiminin daxilində təhlükəsizlik vəziyyətinin sarsılması və bu ölkənin investisiya üçün təhlükəli və etibarsız məkan kimi qəbul edilməsi bir çox investorun ölkəni tərk etməsinə səbəb olacaq; xüsusilə də müharibə davam etdiyi təqdirdə.
Əş-Şərabi bu məsələyə toxunaraq yanğınlardan yaranan istilik şüalanmasının miqdarından danışıb və əlavə edib: NASA-ya aid olduğu bildirilən məlumatlara əsaslanan monitorinq və müşahidələr Əbha şəhərində, Cizandakı “Saudi Aramco” obyektlərində, iqtisadi şəhərcikdə və Nəcran “Saudi Aramco” obyektlərində yüksək istilik şüalanmasının mövcud olduğunu göstərib.
O, nümunə olaraq qeyd edib: Əbha şəhərində istilik şüalanması 1000 meqavat həddini keçib. Əgər bu şüalanmanı elektrik enerjisinə çevirmək mümkün olsaydı, bu miqdar bütöv bir şəhərin fəaliyyətini təmin edəcək qədər enerji istehsal etməyə kifayət edərdi. Lakin bu şüalanma istifadə edilə bilən enerji deyil, neft çənlərinin yanması nəticəsində yaranıb və bu da Səudiyyə Ərəbistanı üçün böyük iqtisadi itkilər deməkdir.
O, Səudiyyə tərəfinin “utanc səbəbindən” bəzi neft əməliyyatlarının dayandırıldığını etiraf etməsinə toxunaraq belə bir sual irəli sürüb: Təcavüz davam edərsə, Səudiyyə Ərəbistanının neft imkanlarından geriyə nə qalacaq? Məsələ yalnız dayandırılacaq əməliyyatların həcmi ilə bağlı deyil, həm də istər ixrac, istərsə də hasilat sahəsində fəaliyyətini davam etdirə biləcək əməliyyatların həcmi ilə bağlıdır.
Əş-Şərabi çıxışının sonunda vurğulayıb: Hədəfəalma əməliyyatları yalnız neft sektoru ilə məhdudlaşmaya və Səudiyyə Ərəbistanının həyati maraqları ilə əlaqəli digər obyektləri də əhatə edə bilər. Bu isə Ər-Riyadı daha da bataqlığa sürükləyərək, onu ağır və ibrətamiz süquta gətirib çıxara bilər.

Ərəb analitikləri
Rəyiniz